Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Mərakeş Krallığının iqtisadi inklüzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri Yunes Sekurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla dini və mədəni kökləri bölüşən Mərakeş Krallığı ilə əməkdaşlıq əlaqələrinin inkişafına böyük diqqət yetirildiyini qeyd edib. Əmək və sosial müdafiə sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda fəaliyyətə başlayan Əmək Mərkəzinin əhəmiyyətindən bəhs olunub. Azərbaycanda əmək sahəsində son 5 ildə əldə edilmiş nailiyyətlər, icra olunan aktiv məşğulluq proqramları diqqətə çatdırılıb.
Y.Sekuri ölkəsində aparılan sosial islahatları qeyd edib, sosial sahədə də Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsinə maraq göstərdiklərini bildirib.
Kamerunun əmək və sosial təminat naziri Qrequar Ovona ilə görüşdə S.Babayev əmək və sosial təminat sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.
Ölkəmizdə aparılan sosial islahatlar, sosial sahədə innovativ həllərin tətbiqi işləri diqqətə çatdırılıb. qarşılıqlı təcrübə mübadilələrinin önəmi qeyd edilib. İƏT əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının əhəmiyyəti vurğulanıb.
Hər iki görüşdə sosial əməkdaşlıq məsələlərinə dair fikir mübadilələri aparılıb.