Prezident İlham Əliyevin yeni Fərmanı
Prezident İlham Əliyevin yeni Fərmanı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədinə xidmət edir.
Fərmanla 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı:
• sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında,
• sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında,
• dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında,
• həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında
qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
Həmin yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq.
Yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi üzərindən həyata keçiriləcək.
Fərmana əsasən Nazirlər Kabinetinə və Nazirliyə qeyd olunanlarla əlaqədar bir sıra tapşırıqlar verilib.