Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bildirir ki, havanın temperaturunun 41 dərəcə Selsidən çox olan hava şəraitində əmək qanunvericiliyin tələblərinə əsasən işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir.
Qeyd olunub ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.
İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.