Dövlət İmtahan Mərkəzi (DİM) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Nazirliyin internet televiziyası olan DOST TV-də yeni layihəyə başlayır.
Layihə üzrə hər bazar ertəsi saat 15:00-da Dövlət İmtahan Mərkəzinin və Dövlət Məşğulluq Agentliyinin əməkdaşlarının iştirakı ilə DOST TV-nin efirində “Dövlət işi” verilişi yayımlanacaq.
Məqsəd “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üzrə Strategiya”da nəzərdə tutulmuş müvafiq tədbirlərin icrasının təmin edilməsi məqsədilə dövlət qulluğu sahəsində vətəndaşların maarifləndirilməsinə dəstək verməkdir.
Verilişlərdə dövlət qulluğunun mahiyyəti, dövlət qulluğuna qəbul, qanunvericilik aktları, test imtahanı və müsahiblərin təşkili, dövlət qulluğunda qiymətləndirmə və insan kapitalının inkişafı, eləcə də dövlət qulluğuna qəbul barədə ətraflı məlumatlar veriləcək, müzakirələr aparılacaq.
Növbəti bazar ertəsi, mayın 20-də saat 15:00-da DOST TV-də yayımlanacaq ilk “Dövlət işi” verilişinin qonağı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhrəm Xəlilovdur.