DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı 3 milyona çatıb. 3 milyonuncu vətəndaşa Zəngilan rayonunun Ağalı kəndindəki "Smart DOST" məntəqəsində xidmət göstərilib.
Həmin vətəndaş Ağalı kənd sakini Fərhadova Elnarə Yusif qızı olub və o, müraciətinə uyğun DOST xidməti ilə təmin edilib.
DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Azər Əliyev E.Fərhadova ilə görüşərək DOST mərkəzlərində xidmət göstərilən 3 milyonuncu vətəndaş olması münasibəti ilə təbrik edib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 160 sosial xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkan verib.
DOST mərkəzlərində göstərilən xidmətlər barədə məlumat verilib, vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsinin 98,3 faiz olduğu bildirilib.
E.Fərhadova "Smart DOST" məntəqəsində müraciətinin operativ və müsbət cavablandırılmasından, ümumən göstərilən DOST xidmətlərindən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, artıq Bakı şəhəri, Abşeron rayonu, eləcə də Bərdə, Tərtər, Ağdam, Şuşa, Ağcabədi, Xocalı, Füzuli, Xocavənd rayonları və Xankəndi şəhəri DOST xidmətləri ilə əhatə olunub. Hazırda DOST xidmətləri şəbəkəsinin digər bölgələrimiz üzrə də genişləndirilməsi üçün işlər aparılır.