Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə keçirdiyi iclasda dövlət başçısının sosial sahə ilə bağlı tapşırıqlarının icrası istiqamətində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində videobağlantı formasında kollegiya iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğuluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq. Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınmış mənzillərin verilməsinə başlanacaq, bu il onlara 1500 mənzil verilməlidir, həmçinin müharibə əlillərinə avtomobillərin verilməsi işləri də davam edəcək.
Nazir qeyd edib ki, cənab Prezidentin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının genşləndirilməsi işləri davam edir. Təkcə aprel ayında əlavə olaraq 10 min ailə bu proqramla əhatə olunub, ünvanlı yardım alan ailələrin sayı 80,5 minə (335 min ailə üzvü) çatıb və bu artım dinamikası davam edir. Bununla bərabər, ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, sosial yardımın alınması ilə bağlı müraciət prosedurunun aztəminatlı insanlar üçün daha rahat və sadə olması üçün qanunvericiliyə dəyişiklik layihələri də artıq aidiyyəti üzrə təqdim edilib.
S.Babayev deyib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi işləri post-karantin dövründə davam edəcək, may ayında isə yeni DOST mərkəzinin açılışı planlaşdırılır.
Dövlət başçısının tapşırığı ilə ödənişli ictimai işlər proqramının genişləndirildiyini vurğulayan nazir bu işlərə cəlb edilənlərin sayının 2,4 dəfə artırılaraq 37 mindən 90 minə çatdırılması işlərinin aparıldığını deyib. O, son bir neçə gündə 37 mindən əlavə 14 minədək şəxsin də ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərə cari ildə cəlb olunanların sayının artıq 51 minə çatdığını qeyd edib. Bu istiqamətdə ciddi nəzarət tədbirlərinin gücləndirilməsinin də vacibliyini vurğulayıb, bununla əlaqədar müvafiq struktur bölmələrinə tapşırıqlarını verib.
Pandemiya dövründə həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunduğunu deyən S.Babayev xüsusilə müsbət tendensiyanın davamı kimi, bu ilin əvvəlindən əmək müqavilələrinin sayının 85,4 min artdığını bildirib. O bu artımın əsasən qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı olduğunu qeyd edib. Yeni müqavilələrin əsasən hansı sahələr üzrə bağlanmasının təhlilinin aparılmasını, yeni bağlanan müqavilələrə post-karantin dövründə xitam verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən ciddi nəzarətin həyata keçirilməsini tapşırıb.
S.Babayev vurğulayıb ki, dövlət başçısının humanist siyasətinin nəticəsi olaraq, bu gün təkcə işsizlər deyil, onlarla bərabər bu vaxta qədər qeyri-formal şəkildə, yəni əmək müqaviləsi olmadan işləmiş və elə bu səbəbdən də xüsusi karantin rejimində dərhal işini itirmiş insanlar da birdəfəlik ödəmə proqramı ilə əhatə olundular. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu proqramın əhatə dairəsi 3 dəfədən çox genişlənərək 600 min nəfəri əhatə edəcək. Birdəfəlik ödəmə proqramının icra səviyyəsi son 12 gündə artıq 50 faizə çatıb. Digər tərəfdən, e-sosial.az portalının geniş funksional imkanlara malik təkmil infrastrukturu əhatəli bir proqram üzrə müraciətlərin qəbulu, emalı və birdəfəlik ödənişlərin gündəlik olaraq normal davam etdirilməsinə imkan verib.
Birdəfəlik ödəmə proqramının icra mexanizmi, proqrama edilən müraciətlər əsasında e-sosial.az portalında formalaşan geniş informasiya bazası əmək bazarı ilə bağlı yeni yanaşmalar əsasında ətraflı təhlillər aparmağa imkan yaradıb. Bu imkandan istifadə edilməklə əmək bazarı ilə bağlı ciddi təhlillər aparılmalıdır. Xüsusilə qeyri-rəsmi məşğulluğun daha çox mövcud olduğu regionlar və iqtisadi fəaliyyət sahələrinin, əhali qrupunun və s. müəyyən olunması araşdırılmalı və nəticələr əsasında təkliflər hazırlanmalıdır.
Pandemiya ilə əlaqədar digər sosial dəstək proqramlarının genişləndirildiyini qeyd edən S.Babayev bildirib ki, bu əsasda işsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri də yumşaldılacaq. Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi artıq hazırlanıb. Layihənin qəbulu imkan verəcək ki, işsizlikdən sığorta ödənişləri ilə daha çox insan əhatə olunsun. Bu il ərzində işsizlikdən sığorta ödənişlərinin şamil olunduğu şəxslərin sayının 20 minə çatdırılması nəzərdə tutulur.
S.Babayev bu il 12 min ailənin özünüməşğulluq proqramına cəlb ediləcəyini deyib.
İclasda Prezident İlham Əliyevin sosial sahə ilə bağlı tapşırıqlarının icrası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub, nazir tərəfindən aidyyəti tapşırıqlar verilib.