Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqinə dair Gəncə şəhərində marifləndirmə tədbiri keçirib. Tədbir “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən uşaq əməyinin formaları, uşaq əməyinə münasibətdə qanunvericilikdən irəli gələn prinsiplər, uşaq əməyinin istismarının mənfi nəticələri diqqətə çatdırılıb. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməyin qanunvericiliklə qadağan olunduğu vurğulanıb. Qanunvericilikdə uşaqların əmək hüquqları ilə bağlı müəyyən edilən normalar, 15 yaşından 18 yaşınadək olanlarla əmək münasibətlərinin qurulmasının hüquqi əsasları barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Qeyri-formal məşğulluğun qarşısının alınması mövzusunda çıxışlar olub. Qeyd edilib ki, qeyri-formal məşğulluq işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum edir, bununla yanaşı, iqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurur. İşəgötürənlər bunu nəzərə alaraq, bütün işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməli və qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması kimi vacib prosesə öz töhfələrini verməlidirlər.