Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”na əsasən monitorinqin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.
Nazirlik yanında Dövlət Tibbi-Sosial Expertiza və Reabilitasiya Xidmətinin və nazirliyin tabeliyindəki DOST Agentliyinin əməkdaşlarından ibarət Monitorinq Komissiyası tərəfindən aparılacaq monitorinqin əsas istiqamətləri aşağıdakılardır:
-əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi istiqamətində onlara müyəssər şəraitin yaradılması səviyyəsinə baxış keçirmək (iş, təhsil, səhiyyə və digər sosial mühitin, ictimai, nəqliyyat və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu);
-inklüzivlik imkanların yaradılması sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı vəziyyətin araşdırılması (əlilliyinin növündən, formasından və dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat səviyyəsinin təminatı üçün əlilliyi olan şəxsə müyəssərliyin təmin edilməsi);
-ağlabatan uyğunlaşmanın təmin edilməsi ilə bağlı mövcud vəziyyət və təhlilin aparılması (əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədilə zəruri və mümkün uyğunlaşma və düzəlişlər edilməsi).
Monitorinqin nəticələri əsasında Komissiya tərəfindən hesabat tərtib olunmaqla, müvafiq tədbirlərin görülməsi üçün Nazirliyə təqdim ediləcək.
Hesabat əsasında hər hansı bir tədbirə və ya dəyişiklik aparılmasına ehtiyac olarsa, o zaman Nazirlik tərəfindən təkliflərin hazırlanaraq ictimaiyyətin rəy və təklifləri nəzərə alınmaqla, həmçinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, müvafiq qərar qəbul olunması üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.