Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində
"Azərbaycan Respublikasında ətraf mühitin dayanıqlığına doğru genderə həssas ədalətli keçidin təşviqi” mövzusunda seminar öz işinə başlayıb.
İki gün davam edəcək tədbirdə hökumət rəsmiləri, beynəlxalq qurumların, sahibkarlar və həmkarlar təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər iştirak edir.
Seminarın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev hazırda qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin mənfi təsirlərini, ətraf mühitin dayanıqlığına doğru proseslərdə gender prinsiplərinə həssas və ədalətli yanaşmanın, inklüzivliyin vacibliyini qeyd edib.
Bu ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, beynəlxalq ictimaiyyətin iqlim dəyişmələri ilə mübarizədə irəliləyişlərə səfərbər edilməsində COP29-un vacib rol oynayacağı bildirilib. COP29-a hazırlıq prosesində ölkələrə dəstək olmaq üçün BƏT-in bilik və təcrübə mübadiləsi vasitəsilə genderə həssas ədalətli keçidin təşviqinə yönələn layihəsinin önəmi diqqətə çatdırılıb.
BƏT-lə birgə təşkil olunan hazırki seminarın sahibkarlar və həmkarlar təşkilatları, digər maraqlı tərəflərin COP29-a töhfə vermək üçün birgə səylərinin güclənməsinə, həmin ən mötəbər, nüfuzlu qlobal tədbirə hazırlıq və təcrübələrin paylaşılması üçün sosial dialoqun təşviqinə və digər mühüm hədəflərə xidmət etdiyi vurğulanıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin müəssisələrin İnkişafı və yaşıl iş yerləri üzrə baş mütəxəssisi Kristina Martinez çıxış edərək keçirilən seminarın əhatə etdiyi mövzunun vacibliyini və bu mövzuda bilik və təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıblar.
Seminarın gündəliyinə COP29-a hazırlıq prosesində sosial tərəfdaşlarla birgə fəaliyyət, həmçinin əmək bazarı ilə bağlı birgə mövqe sənədinin hazırlanması, iqlim dəyişikliyi ilə əlaqədar fəaliyyətlərdə gender bərabərliyi, inklüzivliyin təminatına xüsusi önəm verilməsi, ən yaxşı beynəlxalq təcrübələrin paylaşılması, bilik və təcrübə mübadilələrinin həyata keçirilməsi və s. ilə bağlı panel müzakirələrin aparılması daxildir.