Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə həyata keçirilən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsi çərçivəsində “Sahibkarlıq və Biznes bacarıqlarının inkişaf etdirilməsi” və “Əlilliyi olan insanlara mentorluq və qeyri-texniki bacarıqların inkişaf etdirilməsi” mövzusularında təlimçilər üçün təlimlərin keçirilməsinə başlanılıb.
Keçirilən təlimin birinci mövzusu uğurlu biznes üçün əsas olan "SMART" məqsədlərin təyin olunması, biznes ideyaların yaradılması, fərdi, ailəvi və qrup biznesinin idarə edilməsi, yaşlıların təlimi və tədris üsulları, marketinq planının hazırlanması və maliyyə planı, xərclər və s. meyarlardır.
Bundan başqa təlimdə idarəetmə, əlilliyi olan şəxslərə mentorluq və əmək təlimləri, əmək sosiallaşması, iş mədəniyyəti, peşə davranışı, özünü inkişaf etdirmə və fərdi təlim bacarıqları, fərdi inkişaf planı, zamanın idarəolunması, ünsiyyət bacarıqları: danışıqlar, aktiv dinləmə, sual vermə, nitq və s. meyarlar üzrə müzakirələrin aparılması nəzərdə tutulub.
Respublika üzrə seçilən 12 pilot ərazidə 700 namizəd üçün keçirilən təlimlərdə artıq təlimçilərin seçimi yekunlaşıb. Təlimçilər 2 mərhələdə keçirilmiş (yazı və şifahi) müsabiqənin nəticəsinə əsasən 26 biznes və 14 kommunikativ bacarıqlar üzrə seçilib və təlimçilər üçün təlimlərə (TT) qatılacaqlar.
Təlimi Baş biznes təlimçi, sosial və peşə-əmək reabilitasiyası və kommunikativ bacarıqlar (psixo-sosial dəstək, ünsiyyət vərdişləri, stresin idarəedilməsi və s.) üzrə təlimçilər Azad Rəhimov və beynəlxalq mütəxəssis Olena İvanova keçirəcək.
Təlimin yekun mərhələsində iştirakçıların fəaliyyəti qiymətləndiriləcək və sertifikatlar təqdim ediləcək.
Layihə çərçivəsində keçirilən təlimlər oktyabrın 10-dək davam edəcək.