Cari ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 838 nəfər əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.
Onlardan 682 nəfər üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Kurslarda modul tədris proqramlarından da istifadə olunmaqla elektrik-qaz qaynaqçısı, kompyuter istifadəçisi, dülgər-xarrat, avtomobil təmiri üzrə çilingər, dərzi, bərbər, toxucu, tornaçı, mebel quraşdırıcısı və s. peşələr öyrədilib. Hazırda onlardan bir hissəsi peşə kurslarını davam etdirir. Qeyd olunan dövrdə 156 nəfər gənc isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Burada həmin gənclər müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnməklə yanaşı, peşə təlimi müddətində onların sosial reabilitasiya yönümlü müxtəlif tədbirlərə cəlb edilməsi işləri də aparılıb.
Ümumilikdə kurslara cəlb edilənlərin 174-ü əlilliyi olan şəxslərdir.
Kurslarda Təhsil Nazirliyinin təsdiq etdiyi plana uyğun şəkilldə peşə bilik və bacarıqları tədris olunub. Hər bir kursun yekununda məzunlara peşə sertifikatları təqdim edilir.