Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı Biznes Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib.
Tədbir tələbə və məzunlara yiyələndikləri ixtisas üzrə əmək bazarında mövcud olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək məqsədi daşıyıb. Həmçinin tədbirdə 44-ü özəl, 6-ı dövlət sektoruna aid 50 müəssisə tərəfindən 272 vakant iş yeri təqdim olunub.
Vakant iş yeri təqdim edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib. Tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, öz CV-lərini təqdim etmək imkanı yaradılıb. İşəgötürənlər isə gələcəkdə onlara lazım ola biləcək ixtisaslı kadrların seçimini aparıblar.
Həmçinin iştirakçılara vakant iş yerlərinə göndərişlər verilib.
Aktiv məşğulluq tədbirində tələbə və məzunlar əmək bazarında peşə və ixtisaslara olan tələbat, Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq proqramları, yeni yaradılan “Məşğulluq” altsistemi barədə məlumatlandırılıblar.