Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Respublikasının Milli Tibbi Sığorta Fondunun (CNAM) prezidenti Viliam Qardey arasında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST Agentliyi) görüş olub.
V.Qardey DOST Agentliyi və ilk DOST mərkəzi ilə yaxından tanış olub. O, burada gördüklərindən məmnunluğunu ifadə edib. V.Qardey dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ şəkildə təqdim olunmaqla keyfiyyətinin yüksəldilməsinə xidmət edən belə bir Agentliyin yaradılmasının uğurlu islahat tədbiri olduğunu bildirib.
S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nailiyyətləri, ölkəmizin əmək, məşğuluq, sosial müdafiə sistemlərində aparılan islahatlar barədə məlumat verib. O, nazirliyin analitik və proqnozlaşdırma potensialının təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiya və pensiya sistemlərinin inkişafına dəstək məqsədilə icra olunan tvinninq layihələri çərçivəsində Fransanın müvafiq qurumları ilə fəal əməkdaşlığın həyata keçirildiyini deyib.
Nazir əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların tibbi-sosial reabilitasiyası sahəsində aparılan işləri, bu sahələrdə islahat gündəliyini diqqətə çatdırıb. Əlilliyi olan şəxslərə göstərilən reabilitasiya (o cümlədən, sosial reabilitasiya) xidmətlərinin təkmilləşdirilməsi sahəsində CNAM-la əməkdaşlığın inkişaf etdirilməsinin məqsədəuyğun ola biləcəyini qeyd edib.
V.Qardey Azərbaycana bu səfəri, ölkəmizədki inkişaf, eyni zamanda sosial sahədə aparılan islahatlarlıa bağlı xoş təəssrüatlara malik olduğunu bildirib. O, rəhbəri olduğu qurumla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlaqələrin genişlənməsi üçün imkanların mövcud olduğunu, bu məsələnin CNAM-ın fəaliyyətində diqqətdə saxlanacağını qeyd edib.
Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.