Əhalisinin sayı hər il sabit şəkildə artaraq 10 milyona çatan ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla demoqrafik inkişafa təkan verir. Dünyanın bir çox ölkəsində əhali sayında azalma müşahidə edildiyi halda, Azərbaycanda əhalinin artımı davam edir. Prezident cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də davamlı olaraq yaxşılaşması özünü göstərir. Bu amillər isə demoqrafik inkişaf üçün vacib şərtlər sırasındadır.
2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb. Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş (o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) idisə, 2018-ci ildə bu göstərici 75,6 yaşa (o cümlədən kişilər arasında 73,1 yaşa və qadınlar arasında 77,8 yaşa) çatıb.
Əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri, idman kompleksləri istifadəyə verilir. Dövlət başçısı Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda bildirib: “Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətli getsin, artan əhali işlə təmin olunsun”.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla, ölkəmizdə davamlı demoqrafik inkişafın təmin edilməsi üçün əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramı layihəsi hazırlanıb ki, layihədə ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə gənc ailələrə sosial-iqtisadi dəstəyin gücləndirilməsi, əhalinin reproduktiv sağlamlığının, habelə ana və uşaqların mühafizəsinin gücləndirilməsi, həyat şəraitinin təhlükəsizliyinin yüksəldilməsi, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi kimi prioritet istiqamətlər müəyyən olunub.
Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir.
Hazırda ölkəmizdə demoqrafik vəziyyətin qiymətləndirilməsi və təkmil proqnozlaşdırma metodologiyasının yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Əhali Fondu ilə birgə işlər aparılır.