Sosial xidmət layihələrinin bir istiqaməti də bu qrupdan olan uşaqları əhatə edir
Dünya əhalisinin təxminən 1 faizi, 70 milyon insan autizm sindromludur. Azərbaycanda autizm sindromlu uşaqlar xüsusi reabilitasiya prosesinə cəlb olunurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində autizm sindromlu uşaqlara müasir və sınanmış metodlar əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstərilir.
Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində 61, Uşaq Bərpa Mərkəzində isə 20 autizm sindromlu uşaq qeydiyyatdadır.
Hər iki reabilitasiya müəssisəsində autizm sindromlu uşaqlar mütəmadi olaraq tibbi-sosial reabilitasiya və təlim prosesinə cəlb olunurlar. Adı çəkilən müəssisələrdə bu kateqoriyadan olan uşaqların səmərəli reabilitasiyası üçün müasir şərait yaradılmış, həmin uşaqlara peşəkar psixoloq, əmək terapevti, özünəqulluq və loqoped xidmətləri təqdim olunur.
Bununla yanaşı, Nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələrinin bir istiqaməti də autizm xəstəliyi olan uşaqları əhatə edir. Müvafiq layihə çərçivəsində həmin kateqoriyadan olan uşaqlara defektoloji və psixoloji yardımlar göstərilir.