1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyimizin itirilməsi, ölkənin parçalanması təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək uzunmüddətli inkişaf yoluna çıxardı. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazıldı.
Xalqımız Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə - dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu. Müasir müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna çıxmasını təmin edən Ulu Öndərin sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial sahədə sabitlik və inkişafa nail olundu.
Ulu Öndər Heydər Əliyevin tapşırığı və qayğısı nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də konkret və məqsədyönlü addımların atılması, sosial siyasət kursunun etibarlı əsasının formalaşması təmin edildi. Onun tərəfindən 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması, əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan artıq sənəd imzalanıb. Ümumilikdə 1995-2003-cü illər ərzində ölkədə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb.
Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin, uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın öz tarixində görünməmiş tərəqqi yoluna çıxmasını təmin edib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı qəhrəmanlıq tarixi yazaraq möhtəşəm Zəfər əldə etdi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad olundu. Bu gün həmin ərazilərimizdə smart konsepsiyalar əsasında böyük quruculuq işləri aparılır.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan tədbirlər də uğurla davam etdirilir. Sosial ödənişlər ardıcıl olaraq artırılır, həssas qrupların sosial dəstəklə təmin olunması proqramları ildən-ilə genişlənir.
Xüsusilə son beş ildə icra olunan 4 sosial islahat paketi nəticəsində sosial ödənişlərin dəfələrlə artırılması, sosial müdafiə və aktiv məşğulluq proqramlarının əhəmiyyətli dərəcədə genişlənməsi təmin edilib. Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzi açılıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkan verib. Eyni zamanda, dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi üçün ardıcıl olaraq elektronlaşma proqramı həyata keçirilib, proaktiv xidmətlər işə salınıb, sosial xidmət və reabilitasiya sistemi müasir tələblərə uyğun qurularaq, şəbəkəsi xeyli genişləndirilib. Son illər Azərbaycanın əldə etdiyi uğurlu sosial islahat təcrübələri beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək mükafatlarla təltif olunub.
Milli Qurtuluş Günündən başlanan şərəfli inkişaf yolu Azərbaycanı daim parlaq tarixi nailiyyət və qələbələrə doğru aparır.
Sosial şəbəkələrdə də bizi izləyin: