Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanına əsasən hazırlanmışdır və insan alveri qurbanları üçün xüsusi müəssisələrin (bundan sonra - xüsusi müəssisə) yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət qaydalarını müəyyən edir.
1.2. Xüsusi müəssisə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununu və digər qanunvericilik aktlarını, insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq sənədləri, habelə bu Qaydaları rəhbər tutur.
1.3. Xüsusi müəssisə hüquqi şəxsdir, müvafiq xəzinə hesabı, Azərbaycan və ingilis dilində adı həkk olunmuş möhürü, ştampı və digər rekvizitləri vardır.
2. İNSAN ALVERİ QURBANLARI ÜÇÜN XÜSUSİ MÜƏSSİSƏLƏRİN YARADILMASI VƏ MALİYYƏLƏŞDİRİLMƏSİNİN ƏSASLARI
2.1. "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən insan alveri qurbanlarının müdafiəsini təmin etmək məqsədilə xüsusi müəssisələr kimi onların müvəqqəti yaşaması üçün sığınacaqlar (bundan sonra - sığınacaqlar) və insan alveri qurbanlarına yardım mərkəzləri (bundan sonra - yardım mərkəzləri) yaradılır.
2.2. Sığınacaqlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaradılır və həmin Nazirliyin tabeliyində olan dövlət büdcəsi vəsaiti hesabına saxlanılan qurumlar kimi fəaliyyət göstərir. Sığınacaqların maddi-texniki təchizatı dövlət büdcəsindən və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
2.3. Yardım mərkəzləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə razılaşdırılmaqla yaradılır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan dövlət büdcəsi vəsaiti hesabına saxlanılan qurumlar kimi fəaliyyət göstərir. Yardım mərkəzlərinin maddi-texniki təchizatı dövlət büdcəsindən və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.[2]
2.4. Xüsusi müəssisə Azərbaycan Respublikasının qanunvericiliyinə və xüsusi müəssisənin Nizamnaməsinə uyğun olaraq idarə olunur.
2.5. Xüsusi müəssisəyə direktor rəhbərlik edir.
2.6. Xüsusi müəssisənin işçilərlə komplektləşdirilməsi onun Nizamnaməsi ilə tənzimlənir.
2.7. Xüsusi müəssisənin ştatı fərdi qaydada sığınacaqlar üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən, yardım mərkəzləri üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla konkret şəraitə, işin həcminə və ayrılmış maliyyə vəsaitlərinə uyğun olaraq müəyyən edilir.
2.8. Xüsusi müəssisədə əməyin ödənilməsi forması qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilir.
2.9. Sığınacaqların işçilərinin vəzifə (tarif) maaşları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan mülki işçiləri üçün təsdiq edilmiş müvafiq aylıq vəzifə (tarif) maaşlarına uyğun olaraq həmin Nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.
2.10. Yardım mərkəzlərinin işçilərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş məbləğdə vəzifə (tarif) maaşları ödənilir.
2.11. Xüsusi müəssisənin işçilərinin işə qəbul və işdən azad edilməsi qaydası Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
2.12. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorla razılaşdırmaqla xüsusi müəssisə tərəfindən insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirlərə müqavilə əsasında ştatdankənar mütəxəssislər cəlb edilirlər.[3]
3. İNSAN ALVERİ QURBANLARI ÜÇÜN XÜSUSİ MÜƏSSİSƏLƏRİN FƏALİYYƏTİ VƏ FƏALİYYƏTİNƏ NƏZARƏT
3.1. Xüsusi müəssisədə insan alveri qurbanları üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqdimatı əsasında aşağıdakı dövlət orqanları tərəfindən müvafiq tədbirlər görülür:
3.1.1. dərman preparatları ilə təmin edilməsi, təxirəsalınmaz tibbi və psixoloji yardımın göstərilməsi ilə əlaqədar - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
3.1.2. təhsilinin davam etdirilməsi ilə əlaqədar - Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
3.1.3. hüquqi yardımın göstərilməsi ilə əlaqədar - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;[4]
3.1.4. sosial və peşə reabilitasiyası ilə əlaqədar - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
3.1.5. insan alverinin qurbanı olmuş uşaqların qəyyumluq və himayə orqanının və ya Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın vəsatətinə əsasən müvafiq internat evlərində və məktəblərində yerləşdirilməsi ilə əlaqədar - Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.
3.2. Yardım mərkəzlərində insan alveri qurbanının şəxsiyyətinin anonimliyi təmin edilməklə, onun xahişi ilə zəruri yardım göstərilir və sığınacaqda yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edilir.
3.3. İnsan alveri qurbanları öz xahişləri əsasında 30 gün müddətinə sığınacaqda yerləşdirilə bilərlər. Bu müddət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və ya insan alveri qurbanının vəsatəti əsasında uzadıla bilər. Bütün hallarda sığınacağa yerləşdirmə və sığınacaq verilmə müddətinin uzadılması insan alveri qurbanının razılığı ilə həyata keçirilir.
3.3-1. “İnsan alverinə qarşı mübarizə Haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün bərpa və fikirləşmə müddəti verilmiş insan alverinin qurbanı təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və sosial vəziyyətinin bərpası üçün sığınacaqların və yardım mərkəzlərinin xidmətlərindən istifadə edə bilər.[5]
3.4. İnsan alverinin qurbanı olmuş uşaqlar barədə sığınacaqlar və yardım mərkəzləri tərəfindən dərhal qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya məlumat verilir. Uşaqlar sığınacaqlara 60 gün müddətinə yerləşdirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, qəyyumluq və himayə orqanının və ya Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın vəsatəti ilə bu müddət uzadıla bilər. Bütün hallarda 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.
3.5. Sığınacaqlarda uşaqlar bir qayda olaraq, ayrıca yerləşdirilirlər. Uşağın mənafeyi nəzərə alınaraq, o, valideynləri (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) və ya uşağın psixoloji durumuna müsbət təsir göstərən digər şəxslərlə də yerləşdirilə bilər. Burada uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanı yaradılır.
3.6. Sığınacaqlarda insan alveri qurbanlarına telefonla danışmaq və tərcüməçinin xidmətlərindən istifadə etmək imkanı yaradılır. Konfidensial söhbət aparılması üçün xüsusi yerlər ayrılır.
3.7. Sığınacaqlarda insan alveri qurbanlarına layiqli həyat şəraitinin yaradılması, onların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, təhlükəsizliyinin, şəxsiyyətinin anonimliyinin qorunması, insan alveri ilə bağlı cinayətlər üzrə səlahiyyətləri daxilində əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, transmilli mütəşəkkil cinayətkar qrupların insan alverçiləri ilə əlaqələrinin müəyyən edilməsi isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin edilir. [6]
3.8. Xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsizdir. Həftənin bütün günləri 24 saat ərzində telefon yardım xətti təşkil edilir.
3.9. Xüsusi müəssisələrin fəaliyyətinin müvafiq dövlət orqanları, qeyri hökumət təşkilatları, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla əlaqələndirilməsi işi, habelə xüsusi müəssisələrin fəaliyyətinə nəzarət İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator tərəfindən həyata keçirilir.
3.10. Xüsusi müəssisədə insan alveri qurbanlarına göstərilən xidmətlərin nəticələrinin qeydə alınması və istifadəsi üçün konfidensial elektron məlumat bazası yaradılır. Həmin bazanın məlumatları insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təqdim edilir.
3.11. İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları xüsusi müəssisənin fəaliyyətinin təşkil edilməsi, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi və onların sosial reabilitasiyası üzrə işlərə cəlb olunurlar.[7]