Ölkəmizdə “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilməklə normativ hüquqi bazanın yaradılması işləri davam edir. Bu barədə himayədar ailə institutunun tətbiqinə hazırlıq işləri dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qeyd olunan modelin tətbiqi prosesinin uşaqların maraq və mənafelərinin üstün tutulması prisnipinə əsaslanacağını vurğulayıb. Qeyd olunub ki, “Himayədar ailə” qayğı modelinin əsas məqsədi də dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına və onların ailə mühitində inkişafına şərait yaradılması, valideyn himayəsindən məhrum uşaqların müəssisələşməsinin qarşısının alınmasıdır.
Övladlığagötürmə sahəsində olduğu kimi, himayədar ailə qayğı sisteminin tətbiqi də “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi üzərindən həyata keçiriləcək. Himayədar valideyn olmaq istəyən şəxslərin və himayədar ailəyə verilmiş uşaqların vahid uçotu e-sistem üzərindən aparılacaq.
İclasda müvafiq sahə ilə bağlı hazırlanmış qanunvericilik layihələrinə, "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin yeni funksional imkanlar əlavə olunmaqla təkmilləşdirilməsi işlərinə dair müzakirələr aparılıb.
Sosial şəbəkələrdə də bizi izləyin: