ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Reabilitasiya vasitələri ilə təmin edilmə

Reabilitasiya vasitələri ilə təmin edilmə necə həyata keçirilir?

Reabilitasiya vasitələri ilə təmin edilmə müvafiq tibbi göstərişlər olduğu halda,  tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında Fərdi Reabilitasiya Proqramında müəyyənləşdirilməklə həyata keçirilir.

Reabilitasiya vasitələri ilə təmin edilmə kim tərəfindən həyata keçirilir?

Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin  (bundan sonra-Agentlik) Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada həyata keçirilir.

Əlilliyi olan şəxsə reabilitasiya vasitələri necə təhvil verilir?

Fərdi Reabilitasiya Proqramında reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən Mərkəz və ya “DOST” mərkəzi tərəfindən əlilliyi olan şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir.

Reabilitasiya vasitələrini təhvil vermək üçün tələb olunan sənədlər hansılardır?

Reabilitasiya vasitələrini əlilliyi olan şəxsə və ya onun qanuni nümayəndəsinə şəxsiyyəti təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, qanuni nümayəndəyə münasibətdə isə müvafiq etibarnamə əsasında təhvil verirlər.

Reabilitasiya vasitələrinin hazırlanması, dəyişdirilməsi və ya təmiri müddəti hansı tarixdən hesablanır?

Əlilliyi olan şəxsin müraciətinin Mərkəz, “DOST” mərkəzi və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri tərəfindən qəbul edildiyi gündən hesablanır. 

Reabilitasiya vasitələri üçün istifadə və təminat müddətləri hansı tarixdən hesablanır?

Reabilitasiya vasitələrinin əlilliyi olan şəxsə və ya onun qanuni nümayəndəsinə təhvil verildiyi gündən hesablanır.

Reabilitasiya vasitələri müəyyən edilmiş təminat müddətində istehsalat qüsuru aşkarlandığı halda, nə edilir?

Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında Mərkəzin vəsaiti hesabına təmir edilir və ya bu müəyyən edilmiş təmir müddətlərində təmir etmək mümkün olmadıqda yenisi ilə əvəz edilir.

Reabilitasiya vasitələri istifadə müddəti başa çatmazdan əvvəl yararsız vəziyyətə düşdükdə, yaxud əlilliyi olan şəxsdə hər hansı bir xəstəlik və ya anatomik-funksional dəyişiklik baş verdikdə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin inkişafı ilə əlaqədar istifadəyə uyğun olmadığı halda, nə edilir?

Həmin reabilitasiya vasitələri Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında dövlət vəsaiti hesabına təmir edilir və ya müəyyən edilmiş təmir müddətlərində təmir etmək mümkün olmadıqda isə yenisi ilə əvəz edilir.

Reabilitasiya vasitələrinin hazırlanması və təmiri ilə bağlı səyyar xidmətlər neçə gün müddətində yerinə yetirilir?

Səyyar xidmətlər göstərildiyi hallarda əlilliyi olan şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti üzrə işlər 40 (qırx) gün müddətində yerinə yetirilir.

Tibbi göstəriş olduğu halda, əlilliyi olan şəxs hansı təkərli oturacaqlarla təmin edilir?

Tibbi göstəriş olduğu halda, əlilliyi olan şəxs bir ədəd açıq məkanda istifadə üçün mexaniki və ya mühərrikli, bir ədəd qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də bir ədəd sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin edilir. Təkərli oturacaqlar təyin edilərkən, əlilliyi olan şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır.

Əlilliyi olan şəxsə verilmiş təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, yenisi ilə necə əvəz edilir?

Əlilliyi olan şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzin tibbi-texniki komissiyası tərəfindən həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olduqda Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında təmir olunur və ya müəyyən edilmiş təmir müddətlərində təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyasının aktı və Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur.

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə verilmiş təkərli oturacaqlar, istifadə müddəti başa çatmamışdan əvvəl şəxsin inkişafı ilə əlaqədar istifadəyə uyğun olmadığı təqdirdə, yenisi ilə necə əvəz edilir?

Onun qanuni nümayəndəsinin müraciəti əsasında həmin reabilitasiya vasitəsi Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur.

Reabilitasiya vasitələrini satmaq və ya bağışlamaq olar?

Əlilliyi olan şəxsə verilmiş reabilitasiya vasitələrinin satılması və ya bağışlanması  qadağandır.