Dövlət başçısının yeni Fərmanı ilə DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib

Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Nizamnaməsində bəzi dəyişiklik və əlavələr edilib, Agentliyin səlahiyyət və xidmətləri sırası daha da genişləndirilib.

Fərmana əsasən,  Agentliyin vəzifələri və hüquqları sırasına DOST mərkəzlərində göstərilən xidmətlərlə əlaqədar monitorinqlər aparmaq da daxil edilib. Həmçinin DOST mərkəzlərinin fəaliyyətinə könüllülərin (xüsusilə gənc mütəxəssislərin və tələbələrin) cəlb edilməsi, onların həvəsləndirilməsi üçün tədbirlər görülməsi məqsədilə Agentliyə təhsil müəssisələri ilə yanaşı, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək imkanları verilib.

Eyni zamanda, DOST mərkəzlərində “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipinə uyğun təqdim edilən xidmətlərin sırası yeni Fərmanla daha da genişlənib. Belə ki, həmin xidmətlərin sırasına edilmiş əlavələrə əsasən, bundan sonra DOST mərkəzlərində əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbulumediasiya xidmətləri də göstəriləcək.

Övladlığagötürmə sahəsində vəzifələrin icrasının təmin edilməsi, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, bu sahədə nəzarətin həyata keçirilməsi, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsi istiqamətləri isə  Nazirliyin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinə aid olduğundan həmin istiqamətlərlə bağlı yarımbəndlər DOST Agentliyinin Nizamnaməsindən çıxarılıb.

Ümumilikdə ilk DOST mərkəzinin açıldığı vaxtdan, yəni 2019-cu ilin may ayından bu mərkəzlərin sayı 5-ə çatıdırılmaqla,  DOST xidmətlərinin sayı da təqribən 30 faiz artaraq 154-ə çatıb.