Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 567 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Onlardan 257 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, digərləri üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub.
Kurslarda müdavimlərə data analitik, developer, mühasib, turizm agenti, insan resursları mütəxəssisi və s. aktual peşələr üzrə bilik və bacarıqlar öyrədilir.
İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstərilir.