Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin birinci müavini Marat Jurayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nümayəndə heyəti Bakıda keçirilən MDB-nin iştirakçısı olan dövlətlərin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının 39-cu iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev strateji tərəfdaş ölkələr olan Azərbaycan və Özbəkistan arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində də əlaqələrin daim genişlənməkdə olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə aparılan sosial islahatların nailiyyətləri, DOST konsepsiyası barədə məlumat verilib. Əmək və sosial müdafiə sahələri üzrə yaradılan rəqəmsal xidmətlərdən, proaktiv mexanizmlərdən bəhs olunub.
Məşğulluq məsələləri, aktiv əmək bazarı siyasəti, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması, peşə təlimi və yenidən hazırlıq proqramlarının həyata keçirilməsi istiqamətlərində ardıcıl təcrübə mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd edilib.
Marat Jurayev ölkəsində məşğulluğun təminatı sahəsində görülən işləri, icra olunan aktiv əmək bazarı proqramlarını diqqətə çatdırıb.
Bakıda keçirilən MDB-nin iştirakçısı olan dövlətlərin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının 39-cu iclasının önəmi qeyd edilib.
Görüşdə iki nazirlik arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.