3.1. Komissiyanın əsas məqsədi ölkədə sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən etmək üçün təkliflər vermək, sosial-əmək münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq məqsədi ilə sosial dialoqun inkişafına dəstək verməkdir.
3.2. Komissiyanın əsas vəzifələri aşağıdakılardır:
3.2.1. kollektiv danışıqların aparılması və Baş Kollektiv Sazişin layihəsinin hazırlanması üzrə işlərin əlaqələndirilməsi;
3.2.2. sosial-əmək münasibətlərinin ölkə səviyyəsində tənzimlənməsinə yardım edilməsi;
3.2.3. sosial-iqtisadi siyasətin formalaşdırılması, sosial-əmək münasibətləri, əhalinin məşğulluğu, əmək miqrasiyası, əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsi, sosial təminat sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması və tədbirlərin həyata keçirilməsi ilə bağlı məsləhətləşmələrin aparılması;
3.2.4. məşğulluğa kömək göstərən respublika və yerli əlaqələndirmə komitələri ilə məsləhətləşmələrn aparılması və mövqelərin razılaşdırılması;
3.2.5. sosial siyasətin əsas istiqamətləri üzrə Tərəflərin mövqelərinin razılaşdırılması;
3.2.6. Tərəflərin təşəbbüsü ilə Baş Kollektiv Sazişin icrası zamanı yaranmış məsələlərin müzakirəsi;
3.2.7. sosial tərəfdaşlıq təcrübələrin yayılması, Komissiyanın fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılması;
3.2.8. beynəlxalq təcrübənin öyrənilməsi, sosial-əmək münasibətləri və sosial tərəfdaşlıq sahəsində beynəlxalq təşkilatların tədbirlərində iştirak edilməsi, beynəlxalq əmək normalarının ratifikasiyası və tətbiqi ilə bağlı məsələlər üzrə məsləhətləşmələrin aparılması.