Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
Mərkəzin direktoru Elnarə Ənsari müəssisənin fəaliyyətinə, burada əlilliyi olan və digər həssas kateqoriyalara aid şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi, sosial inteqrasiyası məqsədilə aparılan işlərə dair təqdimatla çıxış edib. O bu istiqamətdə əldə olunmuş nailiyyətləri və cari ilin ilk yarım ili üzrə statistik göstəriciləri nəzərə çatdırıb.
Qeyd olunub ki, 2021-ci il oktyabrın 22-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan Mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə həssas kateqoriyalardan olan 1031 şəxsə xidmət göstərilib. Hazırda isə Mərkəz və onun filiallarında 328 benefisiar yaradıcılıq, eləcə də sosial-psixoloji və pedaqoji dəstək xidmətləri ilə təmin edilir.
İctimai şuranın sədri, professor Elşad Məmmədov vətəndaş cəmiyyəti institutları ilə qurulan sıx dialoqun sosial xidmətlər sahəsində ictimai iştirakçılığın genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Görüş zamanı sosial layihələrin icrasında vətəndaş cəmiyyəti ilə birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, şura üzvlərinin sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.
Sonda qonaqlar Mərkəzdə yaradılan şərait və benefisiarların fəaliyyəti ilə yaxından tanış olublar.