Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai şuranın üzvləri və korrupsiyaya qarşı mübarizə üzrə ictimai təşkilatların təmsilçiləri ilə birgə dəyirmi masa keçirilib.
Tədbir “DOST xidmətlərində şəffaflıq və etik standartlar: vətəndaş yönümlü idarəetmə təcrübəsi” mövzusuna həsr olunub. Məqsəd DOST Agentliyi və mərkəzlərində tətbiq olunan şəffaflıq, etik davranış, vətəndaş yönümlü idarəetmə prinsipləri barədə ictimaiyyət nümayəndələrinə məlumat vermək, bu mövzuda fikir mübadiləsi aparmaq olub.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov dövlət xidmətlərinin göstərilməsində şəffaflıq, hesabatlılıq və etik davranış prinsiplərinin əhəmiyyətindən, vətəndaş məmnunluğunun təmin edilməsində bu amillərin mühüm rolundəmn bəhs edib.
DOST Agentliyində hüquq, kargüzarlığın təşkili, inzibati idarəetmə, keyfiyyətin idarə edilməsi, xidmətlərin monitorinqi, strategiya, məlumatların idarə edilməsi təcrübələri ilə bağlı təqdimatlar olub.
Etik davranış standartlarının tətbiqi, xidmətlərdə şəffaflığın təminatı, keyfiyyətə nəzarət və monitorinq mexanizmləri, korrupsiyaya qarşı preventiv tədbirlər barədə məlumat verilib.
Nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov, digər QHT nümayəndələri dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunmasına imkan yaradan DOST modeli ilə bağlı müsbət fikirlərini qeyd ediblər. Onlar bu kimi müzakirələrin əhəmiyyətini vurğulayıblar.
Dəyirmi masada iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı fikir və təkliflər dinlənilib, fikir mübadiləsi aparılıb.