5.1. Nazirliyin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. Nazirliyin strukturu, aparatının və strukturuna daxil olan qurumların işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (bundan sonra - nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən beş müavini vardır. Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.5. Nazir:
5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. nazir müavinləri arasında vəzifə bölgüsünü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların (əsasnamələri (nizamnamələri) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (əsasnamələrini) təsdiq edir;
5.5.3-1. bu Əsasnamənin 5.5.3-cü yarımbəndinə uyğun olaraq, Nazirliyin strukturuna daxil olan qurumların, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini (əsasnamələrini) təsdiq üçün təqdim edir;
5.5.4. Nazirliyin Aparatının, Nazirlik sisteminə daxil olan qurumların fəaliyyətinə nəzarəti təşkil edir və onların işinin əlaqələndirilməsini təmin edir;
5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturuna daxil olan qurumların (strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bu Əsasnamənin 5.5.5-1-ci yarımbəndi nəzərə alınmaqla) strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.5.5-1. müəyyən edilmiş struktur, işçilərin say həddi və əməkhaqları daxilində tabeliyində olan publik hüquqi şəxslərin (Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) ştat cədvəlinin və ayrılmış büdcə təxsisatı çərçivəsində xərclər smetasının təsdiq edilməsinə razılıq verir;
5.5.6. Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.5.6-1. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir;
5.5.7. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
5.5.8. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.5.9. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumları ilə münasibətlərdə Nazirliyi təmsil edir, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;
5.5.10. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;
5.5.11. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
5.6. Nazir öz vəzifələrinin icrasını müvəqqəti olaraq müavinlərindən birinə tapşıra bilər.
5.7. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında əsasnamə nazir tərəfindən təsdiq edilir.
5.8. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət Nazirliyin kollegiyası yaradılır. Zəruri hallarda Nazirliyin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər da daxil edilə bilər.
5.9. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.10. Nazirliyin kollegiyasının iclaslarında Nazirliyin fəaliyyətinin əsas istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri, normativ hüquqi aktların layihələri müzakirə edilir, digər mühüm məsələlərə baxılır və müvafiq qararlar qəbul edilir.
5.11. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.
5.12. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
5.13. Nazirliyin kollegiyasının iclasları nazir tərəfindən çağırılır.
5.14. Nazirliyin kollegiyasının iş qaydasını nazir müəyyənləşdirir.
5.15. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
5.16. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.