4.1 Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. Nazirliyin fəaliyyət istiqamətlərinə aid olan normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
4.1.2. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.3. əmək münasibətləri, əhalinin məşğulluğu, işsizlikdən sığorta, əmək miqrasiyası, sosial sığorta, dövlət icbari şəxsi sığorta, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, icbari tibbi sığorta, əmək pensiyaları, sosial müavinətlər və əhalinin sosial müdafiəsinin digər sahələri üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxmasının məqsədəuyğunluğu bərədə təkliflər vermək;
4.1.3-1. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsi ilə bağlı əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyənləşdirmək;
4.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı Azərbaycan Respublikası tərəfindən beynəlxalq təşkilatlara təqdim olunan dövri hesabatların hazırlanmasında iştirak etmək;
4.1.5. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
4.1.6. beynəlxalq təşkilatlar və xarici dövlət təşkilatlan ilə, assosiasiyalarla, xarici şirkətlərlə əmək miqrasiyası sahəsində əməkdaşlıq məsələlərinə dair müəyyən olunmuş qaydada məsləhətləşmələr və danışıqlar aparmaq;
4.1.7. bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.1.8. bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliklə müəyyən edilmiş qaydada mətbu nəşrlər təsis etməklə, xüsusi bülletenlər buraxmaq, nəşriyyat-poliqrafiya fəaliyyətini həyata keçirmək;
4.1.9. qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;
4.1.10. bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliyə uyğun olaraq Nazirliyin ehtiyacları üçün əsaslı tikinti aparılması, bina və tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək;
4.1.11. kollektiv müqavilələrin və sazişlərin hazırlanmasına köməklik göstərmək;
4.1.12. Nazirlik sistemi üzrə fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək, bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində elmi tədqiqat işlərinin aparılmasını təmin etmək;
4.1.12-1. tabeliyində olan qurumlar vasitəsilə sığortaedənlər tərəfindən “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məlumat vermək;
4.1.12-2. işəgötürənlərin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünün yoxlanılmasını və fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslər barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət tədbirlərinin tətbiqini təmin etmək;
4.1.12-3. icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə, habelə sığortaolunanlara buraxılan dərman vasitələrinin həcminə və buraxılma şərtlərinə nəzarət etmək məqsədilə tibbi-iqtisadi ekspertizanın və tibbi xidmətin keyfiyyətinin ekspertizasının həyata keçirilməsini təmin etmək;
4.1.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.