Əmək qanunvericiliyində yaşı 18-dək olan işçilər üçün bir sıra güzəşt və əlavə təminatlar nəzərdə tutulub:
- 15-18 yaş arası şəxslərlə əmək müqaviləsi bağlanarkən həmin şəxslərin valideynlərindən və ya onları övladlığa götürənlərdən (qəyyumlarından), yaxud qanunla onları əvəz edən şəxslərdən birinin “Əmək və Məşğulluq” altsisteminə yazılı razılığı daxil edilir. Bu razılıq olmadıqda əmək müqaviləsi altsistem tərəfindən qəbul edilmir;
- Yaşı 18-dək olan şəxslərlə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir və işəgötürən tərəfindən onların əmək və peşə vərdişlərinin artırılması üçün əlavə şərtlər və öhdəliklər nəzərdə tutulmalıdır. Onların iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt isə işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır;
- Bu kateqoriyaya aid işçilərin attestasiyası keçirilmir;
- Həmin işçilərin gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır;
- 16 yaşınadək işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 36 saatdan artıq olmamalıdır;
- Əmək məzuniyyəti yaşı 16-dan az olan işçilərə 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə 35 təqvim günündən az olmayaraq verilməlidir;
Aşağıda qeyd edilən iş yerlərində yaşı 18-dən az olan işçilərin əməyinin tətbiq edilməsi qadağandır:
- əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə,
- əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində,
- onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə.