Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlığı çərçivəsində 4 saylı cəzaçəkmə müəssisəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən tədbir təşkil edilib.
Tədbir çərçivəsində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Uşaq evi sosial xidmət müəssisələrində yaşayan 21 uşaq cəzaçəkmə müəssisəsində olan anaları ilə görüşüblər.
Əvvəlcə uşaqlar hazırladıqları şeir və rəqs nümunələri ilə analarını bayram münasibətilə təbrik ediblər.
Sonra analar və övladları üçün eko çantalar üzərində rəsm master-klassı təşkil edilib. Azyaşlılar hazırladıqları çantaları öz analarına hədiyyə ediblər.
Animatorların hazırladıqları müxtəlif əyləncəli oyunlar görüşə rəngarənglik qatıb və xoş xatirələrlə yadda qalıb.
Tədbirin məqsədi məhkum qadınlara öz ailə üzvləri ilə daha çox vaxt keçirmək imkanının yaradılması, onların və övladlarının sosial reabilitasiyası, eləcə də onlar tərəfindən törədilə biləcək residiv cinayətlərin qarşısının alınmasıdır.