Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəhbəri İbrahim Esenkarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə Türkiyənin ölkəmizdəki səfirliyinin əmək və sosial məsələlər üzrə müşaviri Fatih Bilal Alodalı da iştirak edib.
Azərbaycanla Türkiyənin dövlət başçılarının səyləri ilə ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov əmək, məşğulluq və sosial müdafiə, həmçinin əməyin mühafizəsi sahələrində də əlaqələrin daim genişləndiyini qeyd edib.
Azərbaycanda əmək münasibətləri sahəsində aparılan islahatlar, bu sahədə innovativ həllərin geniş tətbiqi işləri barədə məlumat verilib. Beynəlxalq Əmək Təşkilatının 60-dək Konvensiyasının, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı sənədlərinin ölkəmiz tərəfindən ratifikasiya edildiyi bildirilib. Eləcə də Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətindən bəhs olunub. Əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində işəgötürənlərə dəstək tədbirləri diqqətə çatdırılıb.
İ.Esenkar ölkələrimiz arasında sosial sahədə daim genişlənən əlaqələrdən məmnunluğunu, əmək münasibətləri, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı son illər qarşılıqlı faydalı təcrübə mübadilələrinin həyata keçirildiyini bildirib.
Əməyin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, bu sahədə təcrübə mübadilələrinin davam etdirilməsinə dair görüləcək işlər müzakirə olunub.