Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Vətən müharibəsi şəhidlərinin övladlarının İctimai Televiziya və Radio Yayımları Şirkətinə ekskursiyasını təşkil edib.
20-yə yaxın şəhid övladının iştirak etdiyi ekskursiya zamanı uşaqlar İctimai Televiziyanın fəaliyyəti ilə yaxından tanış olublar.
Onlar verilişlərin hazırlanması, səhnə quruluşu, çəkiliş prosesi, TV proqramlarının səhnəarxası məqamları, texniki avadanlıqlar barədə məlumatlandırılıblar.
“İTV Xəbər”, “Sabahın xeyir, Azərbaycan!”, “Dikdaban”, “Sabaha saxlamayaq”, İctimai radio - 90 FM-in fəaliyyəti və televiziyanın aparıcıları ilə tanışlıqdan sonra uşaqlara İctimai Televiziya və Radioda özlərini sınamaq imkanı yaradılıb.
Şəhid övladlarının böyük marağına səbəb olan ekskursiya xoş xatirələr və görüntülərlə yadda qalıb.