Mərakeş Krallığında Beynəlxalq Sosial Təminat Assosiasiyasının Dünya Sosial Təminat Forumu keçirilir. Forumda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov iştirak edir.
Tədbirdə sosial təminatın əsas rolu, aparılan islahatlara dair ən yaxşı startegiyalar, davamlı, adekvat və əlçatan sosial təminat sistemlərində innovasiyalar ilə bağlı məsələlər müzakirə olunur. Müzakirələr Beynəlxalq Sosial Təminat Assosiasiyasının əmək bazarında sürətli transformasiyalar, demoqrafik dəyişikliklər və texnoloji inkişaf kontekstində sosial təminat strategiyalarını təhlil edən yeni Qlobal Hesabatı əsasında aparılır.
Forum çərçivəsində həmçinin fəaliyyəti ilə seçilən qurumların qiymətləndirilməsi, eləcə də sosial təminat sistemlərinin təkmilləşdirilməsi istiqamətində onların uğurla tətbiq etdikləri yeniliklər və innovativ həll yolları təşviq olunur.
Qeyd edək ki, üç ildən bir keçirilən Forumda 160 ölkəni təmsil edən 320 sosial təminat qurumunun 1000-dən çox rəsmi nümayəndəsi iştirak edir.
Beynəlxalq Sosial Təminat Assosiasiyasının 34-cü Baş Assambleyası və İdarəetmə Şurasının 39-cu sessiyası çərçivəsində təşkilatın prezidentinin, bürosunun və digər vəzifələrə seçkilərin keçirilməsi də nəzərdə tutulur.