Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Lerik rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid Amid Heydərovun və şəhid qardaşlar - Altay və Elgün Mövlanovların ailələrini ziyarət edib.
Onların ailə üzvləri ilə görüşlərdə şəhidlərimizin xatirəsi yad olunub. Bildirilib ki, möhtəşəm tarixi Zəfərimizin qazanılması uğrunda döyüşərkən şəhid olan, Vətən uğrunda canından keçən igidlərimiz öz şücaətləri ilə şanlı qəhrəmanlıq dastanı yazdılar. Xalqımız şəhidlərinin xatirəsini daim ürəyində yaşadacaq.
Agentliyin sədri şəhid ailələrinin sosial vəziyyəti ilə maraqlanıb. Şəhid ailələrinin hər birinin sosial müdafiəsi üçün müvafiq işlər aparılıb, sosial ödənişlər təyin edilib, digər dəstək tədbirləri görülüb.
Şəhid ailələrinin bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacaqları vurğulanıb. Şəhidlərin ailə üzvləri göstərilən qayğıdan razılıq ediblər.