20 Oktyabr - Beynəlxalq Aşpazlar Günü ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib.
Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, ölkəmizdə səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov iştirak edib.
Tədbirə dövlət qurumlarının nümayəndələri, otel və restoran şəbəkələrinin rəhbərləri, həmçinin respublikanın tanınmış və peşəkar aşpazları qatılıblar.
Mərkəzin foyesində təlimçilər - Azərbaycan Aşpazlar Gildiyasının rəhbəri İlkin Əkbərzadə və Eynur Nağdəliyevin xüsusi ustad dərsləri təşkil olunub. Mərkəzin mətbəxində kulinariya üzrə təlim alan benefisiarlar müxtəlif çeşiddə yeməklər hazırlayaraq, bacarıqlarını nümayiş etdiriblər.
Tədbirə 20-dən çox şəhid ailəsi üzvü, Mərkəzin benefisiarları olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunublar.
Tədbir çərçivəsində Mərkəzin benefisiarlarının ifasında konsert proqramı təqdim edilib, mərkəzin benefisarlarının əl işlərindən ibarət satış-sərgi olub.