Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasındakı əməkdaşlıq memorandumu çərçivəsində ölkəmizdə səfərdə olan qardaş ölkənin himayədar ailə üzrə mütəxəssisləri tərəfindən təlimlərə start verilib.
Təlimlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin övladlığagötürmə və himayədar ailə sahəsində çalışan əməkdaşları iştirak edir.
Türkiyəli mütəxəssislər tərəfindən iştirakçılara himayədar ailə modelinin əhəmiyyəti, bu sahədə nümunələr, xidmətin həyata keçirilməsinin əsasları, himayədar ailə qayğısı ilə bağlı biliklərin başlanğıc səviyyədə öyrədilməsi və inkişaf etdirilməsi metodları tədris olunur.
Təcrübə mübadiləsinə əsaslanan təlimlər həmçinin sosial dəstək xidmətinin prosedurları və prinsiplərinə dair mövzuları əhatə edir.
Qeyd edək ki, nümayəndə heyəti səfər çərçivəsində Sosial Xidmətlər Agentliyinin fəaliyyəti, övladlığagötürmə sahəsində görülən işlər, eləcə də ölkəmizdə tətbiq olunacaq "Himayədar ailə" qayğı modelinin tətbiqinə hazırlıq işləri ilə tanış olublar.