Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək reabilitasiyası mərkəzində Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev, Vətən müharibəsi veteranları İlham Rüstəmov, Vidadi Ağagülov və I Qarabağ müharibəsi əlili İlham Məhərrəmov ilə görüş keçirilib.
Vətən müharibəsinin ikinci ildönümünə həsr olunan görüşdə Mərkəzdə peşə öyrənən müharibə əlilləri və əlilliyi olan digər şəxslər iştirak ediblər.
Mərkəzin direktoru Rəhilə Həsrətova Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib.
Vurğulayıb ki, hər birimiz bu böyük Zəfərə öz töhfəsini vermis, işğal altında olan torpaqlarımızı azad edərkən döyüşlərdə şücaətlər göstərmiş əsgər və zabitlərimizlə qürur duyuruq.
Qonaqlara məlumat verilib ki, Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin müxtəlif peşələr üzrə peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada postmüharibə dövründə 56 nəfər Vətən müharibəsi əlili də peşə əmək reabilitasiyasına cəlb edilib.
Qəzənfər Ağayev və digər müharibə veteranları keçdikləri döyüş yolundan danışıblar. Vətən uğrunda canlarından keçən cəsur oğullarımızın xatirəsinin daima qəlblərdə yaşayacağı vurğulanıb.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb, Mərkəzdə peşə öyrənən gənclərin təqdimatında şeirlər səsləndirilib, musiqilər ifa olunub.