Vətən müharibəsində şəhid olmuş mayor, hərbi pilot Qasımov Abbas Rza oğlunun ailəsinin də “Qardaş ailə” layihəsi çərçivəsində Türkiyəyə səfəri təşkil olunacaq.
Ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) “Qardaş ailə” layihəsi çərçivəsində Türkiyənin Urfa şəhərinə yola salınacaq.
Səfər zamanı onlar Urfa və ətraf şəhərlərin görməli yerlərində olacaq, tarixi abidələri ilə tanış olacaqlar.
Fondun sədr müavini Səfər Mehdiyev və TUİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat şəhidin ailə üzvləri ilə görüşüblər. Görüş zamanı Abbas Qasımovun uşaqlıq illərindən, Vətənə olan sevgisindən, keçdiyi döyüş yolundan bəhs olunub.
Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə, habelə “Qardaş ailə” layihəsi barədə məlumat verilib. Ailənin sosial vəziyyətinin həmişə diqqətdə saxlanılacağı qeyd edilib.
Şəhid Abbas Qasımovun ailəsi göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.