Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz Regional filialının nümayəndələri Qubada şəhid Bayraxtarov Batdal Mikail oğlunun ailəsini ziyarət ediblər.
Görüşdə 44 günlük Vətən müharibəsində şəhid olan Batdal Bayraxtarovun şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Qeyd edilib ki, postmüharibə tədbirləri çərçivəsində şəhidin ailəsinə sosial ödənişlər təyin edilib, həmçinin atası Mikail Bayraxtarov özünüməşğulluq proqramına cəlb edilərək dülgərlik üzrə kiçik biznesini yaratması üçün avadanlıqlarla təmin olunub. Şəhidin anası Gülsənəm Bayraxtarova isə DOST İş Mərkəzi vasitəsilə haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.