Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ermənistan silahlı qüvvələrinin 12-14 sentyabr tarixlərində törətdiyi təxribatların qarşısını alan zaman şəhid olan Kərimov Zöhrab Azad oğlunun ailəsini ziyarət edib.
Döyüşlərdə şücaətlər göstərən 19 yaşlı Z.Kərimov düşmənin Laçın rayonu istiqamətində törətdiyi təxribatların qarşısının alınması zamanı şəhadətə qovuşub.
Görüşdə şəhidin xatirəsi yad edilib və onun daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Biləsuvar rayonunda yaşayan ailənin sosial vəziyyəti öyrənilib. Nazir müavini Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarının geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğunu vurğulayıb. O, şəhid Z.Kərimovun ailə üzvlərinin də hər zaman dövlətin qayğısı ilə əhatə olunacağını bildirib.