Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Şəxsi inkişaf: çevik bacarıqlar üzrə təlimlərin keçirilməsi” layihəsinə başlayıb.
3-14 oktyabr tarixlərini əhatə edən layihənin hədəf qrupu dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarıdır.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi”nin sakinləri xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə təlim yerinə aparılır.
Təlimlərdə müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlar (emosional intellekt, texnoloji avadanlıqlardan istifadə, stresin idarə olunması, komandada işləmək, informasiyanın çoxluğu şəraitində məlumatlarla işləmək, vaxtın düzgün idarə olunması, ünsiyyət qurmaq, qarşıya məqsədin qoyulması, ona nail olma bacarıqları və s.) öyrədilir.
“Lingva TM” ilə əməkdaşlıq çərçivəsində icra olunan layihə iştirakçıların müasir bilik və bacarıqlara yiyələnmələrinə, onların özünəgüvən, gələcəyə ümid, motivasiya hisslərinin güclənməsinə, cəmiyyətə və işgüzar mühitə inteqrasiyasına dəstək məqsədi daşıyır.
Təlimlərdən sonra növbəti layihə formatında iştirakçıların ehtiyaclarına uyğun fəaliyyətlər (o cümlədən onların peşə hazırlığına cəlb edilməsinə və məşğulluq imkanlarının artırılmasına dəstək göstərilməsi) nəzərdə tutulur.