Nazirlər Kabinetinin 2022-ci il 19 avqust tarixli Qərarı ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nda humanist dəyişiklik edilib.
Qanunverciliyə əsasən mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilir.
Qaydanın 1.3-cü bəndində həmin şəxslərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda ödənişin dövlət büdcəsindən ödənilmədiyi qeyd olunurdu.
Yeni dəyişikliklə bu bənd artıq ləğv olunub. Üzürlü və ya üzürsüz səbəbdən sessiyada iştirak etmədikləri halda da onların mediasiya xərcləri büdcədən ödəniləcək. Bu da vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlib.
- Qaydaya əsasən mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərə aşağıdakılar aid edilir:
ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və DOST mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslər.
Qeyd edilən şəxslər mediasiya xərclərinin dövlət büdcəsindən ödənilməsi üçün aşağıdakı sənədləri mediatora təqdim etməlidir:
- ərizə;
- şəxsiyyət vəsiqəsinin surəti;
- fiziki şəxsin həmin kateqoriyalara aid olduğunu təsdiq edən sənədin surəti.
Onlar bu sənədləri Nazirliyin “e-sosial” portalından və ya DOST mərkəzlərindən əldə edə bilərlər.
Mediatorlar həmin sənədləri digər zəruri sənədlərlə birgə mediasiya təşkilatı vasitəsilə Mediasiya Şurasının İdarə Heyətinə ünvanlayır və İdarə Heyəti sənədlərə baxaraq imtina üçün əsaslar olmadıqda mediasiya xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi barədə qərar qəbul edir.
Mediasiya xərcləri dedikdə, mediasiya xidmətinin göstərilməsinə görə ödənilən haqq və digər xərclər nəzərdə tutulur.