Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 28 May - Müstəqillik günü və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.
Dövlət qurumlarının rəsmilərinin, QHT nümayəndələrinin, şəhid ailələri üzvlərinin, dövlət uşaq müəssisələrindən olan uşaqların da iştirak etdiyi tədbirdə Mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi nümayiş olunub.
Mərkəzin benefisiarlarının bədii oyma, floristika, keramika, təsviri incəsənət, denim art janrlarında 150-dən çox əl işi təqdim edilib.
Mərkəzdə musiqi istiqaməti üzrə təlimi keçənlərdən ibarət kamera orkestri tərəfindən klassik və müasir musiqi əsərlərindən, xalq mahnılarından ibarət konsert proqramı da təqdim olunub.
Həmçinin Mərkəzdə rəqs və teatr təlimlərinə cəlb edilən nitq məhdudiyyətli benefisiarların təqdimatında “Arşın mal alan” operettasından səhnəcik və “Yallı” rəqsi ifa olunub.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsində geniş imkanlar açıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində gün ərzində 100-dən çox həssas təbəqədən olan uşaqlar müxtəlif istiqamətlər üzrə təlimlər keçir.