Yaponiya və Azərbaycan dostluq münasibətlərinin 30 illiyinə həsr olunan Yaponiya Mədəniyyət Festivalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də iştirak edib.
Yaponiya və Azərbaycan mədəniyyətinə aid incəsənət nümunələri təqdim olunan, 20-yə yaxın qurumun iştirak etdiyi Festivalda Mərkəz "Ruandzi" adlı stendlə təmsil olunub. Stendin adı Yaponiya mifologiyasına əsaslanan “15 daşdan ibarət bağ” mənasını ifadə edir.
Burada Mərkəzdə hazırlanmış dulusçuluq, təsviri incəsənət, dərzilik, bədii oyma və floristika sahələrinə xas əl işləri sərgilənib. Həmin yaradıcılıq nümunələri yapon mifologiyası və Azərbaycan mədəniyyətinə məxsus rəmzləri, milli ornamentləri əks etdirir.
Tədbirin sonunda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada tərəfindən "Yaponiya Mədəniyyət Festivalı" tədbirində iştirak edərək Yaponiya və Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına töhfə verdiyinə görə sertifikatla mükafatlandırılıb.
Yaponiya səfirliyi ilə əməkdaşlığın davamı olaraq 24-25 iyun tarixində "True colour festival" təşkil olunacaq. Hazırda mərkəzdə həmin festivala hazırlıq işləri aparılır.