Sosial təminat və sosial xidmətlər, məşğulluq, əlillik və reabilitasiya
sahələrinə dair vətəndaş müraciətləri dinlənilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Zaqatala rayonunda, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Xaçmaz rayonunda, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Gəncə şəhərində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov isə Sabirabad rayonunda vətəndaş qəbulları keçiriblər.
Qəbullar zamanı həmin şəhər və rayonların, habelə ətraf bölgələrdə yaşayan vətəndaşların sosial təminat, pensiya və müavinət, sosial xidmətlər, imtiyazlı şəxslərin mənzil və fərdi evlə, avtomobillə təminatı, aktiv məşğulluq tədbirlərinə, habelə özünüməşğulluq proqramına cəlb olunma, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrinə dair vətəndaş müraciətləri dinlənilib.
Müraciətlərdə qaldırılan məsələlər aidyyəti üzrə araşdırılaraq cavablandırılıb, bir sıra müraciətlərdə əksini tapan məsələlər isə yerindəcə həllini tapıb. Ayrı-ayrlı müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib.
May ayının əvvəllərindən başlanan vətəndaş qəbullarının hər həftə keçirilməsi nəzərdə tutulub. Hər bir qurum rəhbərinin keçirəcəyi qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə müvafiq bölgə üzrə vətəndaşlara əvvəlcədən məlumat verilir.