Bakı şəhərinin Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün açılışı olan yeni yaşayış kompleksinə mediatur təşkil olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 2-də açılışı olan kompleks doqquzmərtəbəli 12 binadan, 576 mənzildən ibarətdir. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır.
Həmçinin kompleksin ərazisində 100 yerlik uşaq bağçası, bir inzibati bina inşa olunub, sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin olunub.
Mediatur iştirakçıları olan jurnalistlərə möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş sosial dəstək proqramı barədə məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur İbrahimov sosial dəstək tədbirlərindən biri kimi şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının 2021-ci ildə 5 dəfə genişləndiyini qeyd edib. Postmüharibə dövründə bu kateqoriyadan olan 3500, ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edildiyi bildirilib.
Şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində hazırda Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlar üçün 500 fərdi evin də inşa etdirildiyi qeyd olunub.