Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov 44 günlük Vətən müharibəsində şəhid olmuş mayor Kəlbaliyev Səyavuş Hümbət oğlunun ailəsini ziyarət edib.
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksələn S.Kəlbaliyev Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı Ordeni”, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzuli rayonunun işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizin ailəsi, o cümlədən 2 uşağı dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailəyə mənzil verilib və müvafiq sosial ödənişlər edilir.
Ailə ilə söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Şəhid ailəsinin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.