Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) “Əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: reallıqlar və perspektivlər” mövzusunda Bakıda keçirdiyi seminarda Azərbayacanın mühüm sosial nailiyyətlərindən biri olan DOST konsepsiyasından bəhs olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə heyətinin sədri Fərid Məmmədov ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində xüsusilə son illər inqilabi xarakter alan islahatları diqqətə çatdırıb.
Birinci Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST Agentliyi və DOST mərkəzləri barədə məlumat verilib. DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 154 növ xidmətin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında göstərildiyi vurğulanıb.
2025-ci ilə qədər ölkəmizdə DOST mərkəzlərinin sayının 17-yə çatacağı, 55 DOST filialının da yaradlılacağı, DOST xidmətlərinin bütün ölkə ərazisini əhatə edəcəyi bildirilib.
Seminarda DOST Agentliyinin DOST xidmətləri departamentinin direktoru Aygün Musayeva da təqdimatla çıxış edib, Agentliyin xidmətləri barədə seminar iştirakçılarına məlumat verib.
Tədbir çərçivəsində TürkPA nümayəndələri 4 saylı DOST Mərkəzini ziyarət ediblər. Qonaqlar mərkəzdə göstərilən xidmətlər barədə məlumatlandırılıb.
DOST Agentliyi sədrinin müşaviri Ruslan Mirzəliyev TürkPA nümayəndələrini mərkəzin iş prinsipi, xidmət bölmələri, Çağrı Mərkəzi 142-nin fəaliyyəti barədə məlumatlandırıb.
Qonaqlar şəhid ailələrinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri ilə də tanış olub, vətəndaşlara xidmət göstərilməsi prosesini izləyiblər.
Görüş qarşılıqlı müzakirə və fikir mübadiləsi şəraitində davam etdirilib.