Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib.
Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov iştirakçıları bayram münasibətilə təbrik edib. O, xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial təminatı, sosial xidmətlərlə əhatə olunması sahəsində aparılan işləri diqqətə çatdırıb. Habelə sağlamlıq imkanları məhdud uşaqların və ailələrinin, ümumən xüsusi qayğıya ehtiyac duyan şəxslərə reabilitasiya yönümlü sosial xidmətlər göstərilməsi üçün icra olunan layihələri qeyd edib. Bu layihələrin bu il daha da genişlənəcəyini vurğulayıb.
Qeyd edilib ki, Agentlik bu il xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı üzrə 150-dən çox layihə həyata keçirməyi nəzərdə tutur.
Tədbir sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən hazırlanan səhnəciklər, rəqslər və musiqili ədəbi-bədii kompozisiya ilə davam edib. Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələrinin sakinlərinin və Bakı Xoreoqrafiya Akademiyasının yetirmələrinin şeir və rəqs nümunələri maraqla qarşılanıb.
Sonda “Səmənilər yarışır” müsabiqəsinin nəticələri açıqlanıb. Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin hazırladığı səməni nümunəsi birinci yerə layiq görüldüyü üçün mükafatlandırılıb.