ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson, səfirliyin mütəxəssisi Kristin Herman Sinq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət ediblər.
Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ölkəmizin sosial xidmətlər sistemi, sosial xidmətlər sahəsində aparılan islahatlar barədə məlumaat verib.
Bu müəssisələrdə, həmçinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradıldığı diqqətə çatdırılıb.
Qeyd edilib ki, müəsissədə hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. təmin olunub. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb.
Müəssisədə kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir. Hazırda burada 200-dək ahıla sosial xidmət göstərilir.
M.Dikerson müəssisədə yaradılan şərait və sakinlərə göstərilən xidmətlərlə tanış olub. Ahılların gündəlik həyat tərzi, mütəxəssislər tərəfindən onlara göstərilən sosial xidmətlərin keyfiyyəti ilə maraqlanıb.
Səfirin müavini müəssisə ilə tanışlıqdan məmnunluğunu bildirib və ahıllarla həmsöhbət olub. Onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Ahıl sakinlərin ifasında milli musiqiləri dinləyən qonaqlar, onlarla rəqs ediblər. Səfirin müavini Novruz adət-ənənələrinə uyğun olaraq ahıllarla yumurta döyüşdürüb, şəkərbura bəzəyib. Görüş bayram tonqalının ətrafında səmimi söhbətlərlə başa çatıb.