Sosial xidmət müəssisələrində də peşə-əmək reabilitasiyası kabinetləri qurulacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslər üçün Peşə-Əmək Reabilitasiyası Mərkəzinin Xaçmaz rayonunda filialı yaradılacaq.
Bu il yaradılması nəzərdə tutulan Mərkəzdə əlilliyi olan şəxslərə peşə-əmək reabilitasiyası və reabilitasiya yönümlü sosial xidmətlər göstəriləcək.
Mərkəzə Xaçmaz və ətraf rayonlar üzrə 15-29 yaşlı əlilliyi olan şəxslər qəbul olunacaq. Müəssisədə onların peşə hazırlığı və peşə-əmək reabilitasiyası, eləcə də istedad və bacarıqlarının inkişaf etdirilməsi, sosial reabilitasiyası üçün işlər aparılacaq.
Növbəti mərhələdə isə Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində peşə-əmək reabilitasiyası kabinetlərinin qurulması nəzərdə tutulur.
Agentliyin Bakıda fəaliyyət göstərən Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzi əlilliyi olan şəxslərin peşə-əmək, ümumən sosial reabilitasiyasında və cəmiyyətə inteqrasiyasında mühüm rola malikdir. Hər il əlilliyi olan yüzlərlə şəxs mərkəzə qəbul olunaraq burada yeni peşələrə yiyələnir, reabilitasiya xidmətləri ilə əhatə olunur.